Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının kiçik elmi işçisi Azərbaycan Elm Fondunun elan etdiyi “Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsinin” qalibi, fond tərəfindən maliyələşdirilən və hal-hazırda uğurla davam edən “Çirkli suların təmizlənməsində neftlə çirklənmiş torpaqlardan ayrılan yüksək lipolitik aktivliyə malik göbələklərdən istifadənin elmi-metodiki əsaslarının hazırlanması” layihəsinin rəhbəri Aqil Əhmədlinin elmi məqaləsi “Scopus”a daxil olan jurnalda dərc edilib.

(“Biodegradation of petroleum hydrocarbons by fungi strains of Aspergillus sp.-17, Rhizopus sp.-81, Penicillium sp.-94 isolated from oil-contaminated soils of Azerbaijan”) “Azərbaycanın neftlə çirklənmiş torpaqlarından ayrılan Aspergillus sp.-17, Rhizopus sp.-81, Penicillium sp.-94 göbələk ştamları vasıtəsilə neft karbohidrogenlərinin biodeqradasiyası” adlı tədqiqat işinin dərc olunduğu jurnal “In BIO Web Conferences (Vol.100p.02007) EDP Sciences” adlanır.

Sözügedən məqalədə mikromisetlərin bioremediasiyada istifadə imkanlarının müəyyənləşdirilməsi olan bu tədqiqat işində yüksək lipolitik aktivliyə malik Aspergillus sp.-17, Rhizopus sp.-81, Penicillium sp.-94 göbələk ştamlarının neftin müxtəlif qatılığına tolerantlığı və nefti biodeqradasiya etmə qabiliyyətinin təyini tədqiq olunmuşdur.

Alınmış nəticələrə əsasən hər üç ştamının çirkli suların təmizlənməsində və neftlə çirklənmiş torpaqların bioremediasiyasında istifadəsinin yüksək nəticələr verməsi müəyyən olunmuşdur.

Məqalədə ilk dəfə olaraq yerli bioresurslar hesabına göbələk mənşəli lipolitik fermentlərdən istifadə etməklə Bakı və Abşeron yarımadasının neftlə çirklənmiş torpaqları və daxili su hövzələrinin, eyni zamanda özünəməxsus bioresurs potensialına malik Xəzər dənizinin bioloji təmizlənməsi həyata keçirilərək əldə edilmiş elmi nəticələrdən bəhs edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.