AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Elmi şurasında institutun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor Pənah Zülfiqar oğlu Muradovun anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., prof. Könül Baxşəliyeva açaraq yubilyarın mənalı ömür yolundan danışıb, Pənah Muradovun uzun illər zəngin elmi fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, professor Pənah Muradov mikrobiologiya elmini dünyanın mötəbər elmi kürsülərindən ləyaqətlə təmsil edən ziyalılarımızdan biridir. O, qeyd edib alim həm də Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvüdür.
Tədbirdə Zoologiya İnstitutunun baş direktoru a.e.d., dos. Ələddin Eyvazov, Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri a.e.ü.f.d., dos. Əli Cəfərov, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru b.e.d., prof. Ulduz Həşimova, Azərbaycan Dövlət İqtisad Universitetinin bölmə rəhbəri b.ü.f.d., dos. Mehriban Məhərrəmova çıxış edərək Pənah Muradovu 65 illik yubileyi münasibəti ilə təbrik edib. Azərbaycan elminə xidmət etmək yolunda yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayaraq, bu gün ömrünün şərəfli illərini yaşayan alimin həyat yolunun gənc mikrobioloqlar üçün örnək olduğunu qeyd ediblər.
Biofizika İnstitutunun rəhbərliyi adından institutun elmi katibi b.ü.f.d., dos. Florida Mehrəliyeva və institutun əməkdaşları çıxış edərək P.Muradovun sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi insani keyfiyyətlərindən, bir rəhbər kimi müsbət cəhətlərindən söhbət açıb, yubilyara öz xoş arzularını bildiriblər.
P.Muradovun elmi-pedaqoji fəaliyyətindən bəhs edən natiqlər onun neçə-neçə doktorant və dissertantların elmi rəhbəri kimi səmərəli və ardıcıl işini yüksək qiymətləndirərək alimin elmi rəhbərliyi ilə yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əməyini xüsusilə vurğulayıblar.
Pənah Muradovun elmi-pedaqoji sahədə səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilib və alim 4 dəfə AMEA-nın Fəxri fərmanına, ölkənin elm və təhsilinin inkişafı sahələrində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Sonda çıxış edən yubilyar Pənah Muradov böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.