Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü ötən ilin ən mühüm tədbirlərindən biri kimi yadda qaldı. Bu görüş zamanı dövlət başçımızın irəli sürdüyü Qayıdış Konsepsiyası illərlə arzusunda oldugumuz ata-baba yurdlarımıza qovuşmaq istəyimiz və haqqımızdır.

Bu fikirləri Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib.

“Tarixdən hamıya məlumdur ki, Qərbi Azərbaycan ərazisi də bizə məxsusdur. Yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Bunu tarixi faktlar, sənədlər də sübut edir. Tarixi əhəmiyyəti olan sənədlərdə rus çarının hakimiyyəti dövründə tərtib olunaraq 1914-cü ildə çapdan çıxmış Qafqaz hərbi dairəsinin hərbi topoqrafik xəritəsinə nəzər salsaq, görərik ki, Qərbi Azərbaycanın ərazisindəki yer adları məhz Azərbaycan türkcəsində yazılıb. Prezidentimizin müdrik siyasətinə sığınaraq tarixi torpaqlarımıza - Zəngəzur, İrəvan və Göyçəyə, yəni bizə məxsus yerlərə yenidən geri qayıtmaq hər zaman əsas məqsədimiz olub. Bizim istəyimiz, mübarizəmizin qayəsi bütöv Azərbaycandır. Biz qalib xalq kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasətə inanır və onu dəstəkləyirik. Çünki dövlət başçısının müdrik, qətiyyətli və uzaqgörən siyasəti nəticəsində xalqımız hər zaman hədəflərinə çatıb və bütün sahələrdə böyük uğurlara imza atıb. Biz Qərbi Azərbaycanda olan torpaqlarımıza da qovuşacağımıza inanırıq”, - deyə alim əminliyini bildirib.

AzərTac