2022-ci il AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və hesabat ilinə kimi Bölmənin tabeliyində fəaliyyət göstərmiş elmi tədqiqat institutları üçün əlamətdar hadisələr, bir sıra nailiyyətlərlə yadda qalıb. Bütün bu uğurlar, eləcə də gələcək planlar və perspektivlər haqqında BTEB-in və institutların 2022-ci ildəki elmi və elmi-təşkilati (qismən də elmi-pedaqoji) fəaliyyətinin mühüm yekunlarına həsr olunmuş Ümumi yığıncağının əsas müzakirə mövzuları olub.
İclasda Bölmənin üzvləri, institutların rəhbər şəxsləri, aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri, o cümlədən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı biologiya elmləri doktoru, professor Afət Məmmədova, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Ağababalı, universitetin aparıcı alimləri biologiya elmləri doktoru, professor Ziyəddin Məmmədov, biologiya elmləri doktoru, professor Rövşən Xəlilov və b. iştirak ediblər.
İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın təklifi ilə hesabat ilində dünyasını dəyişmiş AMEA üzvlərinin - Azərbaycanın “Qırmızı kitab”ının 3-cü nəşrinin hazırlanması ilə bağlı ezamiyyətdə olarkən faciəli şəkildə həyatını itirmiş tanınmış botanik alim, Dendrologiya İnstitutunun sabiq baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun və tanınmış biofizik alim AMEA-nın müxbir üzvü Xəlil Qasımovun xatirələri anılıb.
Sonra akademik İradə Hüseynova Azərbaycan elmində baş verən islahatlarla bağlı ümumi mənzərəni şərh edib. Ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın tabeliyində olan bir sıra elmi müəssisə və təşkilatların, o cümlədən də Bölmənin institutlarının Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı məsələyə toxunub, islahatların müsbət nəticələr verəcəyinə inamını ifadə edib.
BTEB-in Elmi şurasının sədri iclasda 5 institutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat məruzələrinin dinləniləcəyini bildirib.
Sonra iclasda Mərkəzi Nəbatat Bağının baş direktoru v.i.e., biologiya elmləri doktoru, dosent Həsən Babayev, AR ETN-nin Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov təqdimatlarla çıxış edərək institutların 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və Dövlət proqramlarına uyğun tapşırıqların icrası, kadr hazırlığı, nəşriyyat fəaliyyəti, qrant layihə və proqramlarında iştirak, tətbiq məsələləri, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, institutlarda Bölmənin elmi istiqamətləri üzrə əsaslı tədqiqat işləri daha da dərinləşdirilib, əldə edilmiş mühüm nailiyyətlər nüfuzlu beynəlxalq, o cümlədən “Web of Science”, “Scopus” kimi elmi bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda, monoqrafiya və kitablarda, kitab fəsillərində nəşr olunub.
Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun hesabat məruzələrində əsas diqqət bu təşkilatların tabeçiliyində dəyişiklik aparılması fonunda respublikanın rayonlarında həyata keçirilmiş ekspedisiya fəaliyyətləri, nadir və itməkdə olan bitkilərin toplanması və mühafizəsi, bitki introduksiyası, bitki sağlamlığı məsələləri əsas yer tutub. Akademik İradə Hüseynova, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Bağda mühafizə edilən bitkilərin inventarlaşdırılması və məlumat bazasının yaradılmasının təxirəsalınmazlığına diqqət çəkiblər. Tədqiqatlarda GİS texnologiyalarının tətbiqi, hesabat ilində toplanmış bitki müxtəlifliyi və s. məsələlərlə bağlı iştirakçıların suallarına Həsən Babayevlə yanaşı, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və biologiya elmləri doktoru, professor Elman İskəndər cavab veriblər.
Dendrologiya İnstitutunun hesabatında qeyd edilib ki, 2022-ci ildə institutun 8 laboratoriyasında 1 elmlər və 14 fəlsəfə doktoru tərəfindən tədqiqatlar aparılıb və bir sıra nəticələr əldə edilib. 2022-ci ildə əməkdaşlar tərəfindən 1 patent alınıb, 2 monoqrafiya, 65 məqalə (42-si xaricdə) və 63 tezis (10) çap etdirilib. Qeyd edilib ki, institut universitetlərlə, xüsusən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir.
Məruzə ətrafında çıxışlarda və verilən suallarda Dendrologiya İnstitutunda aparılan tədqiqatlara digər institutlardan olan mütəxəssislərin cəlb edilməsinə ehtiyac olduğu vurğulanıb. Akademik İradə Hüseynova ümumən bütün institutların əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib, bu istiqamətdə tövsiyələrini verib.
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun hesabat məruzəsində 2022-ci ildə tədqiqatların BTEB-in əsas elmi istiqamətlərində 4 problemin həlli üzrə 13 mövzuya aid 29 elmi tədqiqat işi çərçivəsində yerinə yetirildiyi, əldə edilmiş nəticələr əsasında ümumilikdə 143 elmi əsərin, o cümlədən 63 məqalə və 80 məruzə tezislərinin yerli və xarici elmi mətbuatda nəşr olunduğu, 10 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyi vurğulanıb.
İnstitutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların mühüm nəticələri iştirakçılara təqdim edilib.
Professor Ulduz Həşimovaya verilən suallar əsasən institutun məşğul olduğu problemlər, o cümlədən sağlam qocalma, peşə xəstəlikləri, kadr hazırlığı və s. məsələlərlə bağlı olub. Ulduz Həşimova bu sahələrdə əldə olunmuş nailiyyətlər və beynəlxalq elmi tədbirlərdə onların nümayişi barədə məlumat verib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hesabat məruzəsində əsas diqqət Azərbaycanda torpaqların yaxşılaşdırılması və su təminatı ilə bağlı problemlərin həlli üzrə tədqiqatlar əsas yer tutub. Əlövsət Quliyev Kür-Araz ovalığında Baş Mil Qarabağ, Baş Mil Muğan, Baş Şirvan kollektorlarının müasir vəziyyəti haqqında məlumat verərək bildirib ki, ölkədə su itkiləri 65%-ə çatır, suvarma regionlarında kollektorlardan axıdılan suyun minerallığı çox aşağıdır. Alim Azərbaycanda etibarlı su sistemləri - kəhrizlər barədə görülən işlərdən bəhs edərək qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəhrizlər bizim alimlərin və mütəxəssislərin köməyi ilə bərpa olunaraq içməli suya olan tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatının suvarma əkinçiliyinin inkişafına da təkan verə biləcəkdir.
Əlövsət Quliyev bildirib ki, cari ildə 76-sı xaricdə olmaqla 115 məqalə, 54 tezis (24-ü xaricdə), 1 biblioqrafiya, 1 kitab-dərslik, 7 monoqrafiya, 1 proqram, 1 metodik tövsiyə nəşr olunub.
Genetik Ehtiyatlar İnstitutunun hesabat məruzəsi əsasən milli bitki genefondunun öyrənilməsi, mühafizəsi və səmərəli istifadəsi, eyni zamanda insan genetikası üzrə tədqiqatlarda alınmış mühüm nəticələrin və kadr hazırlığının şərhinə həsr olunub. AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun doktorantura və dissertanturasında bioloji ehtiyatlar, seleksiya və toxumçuluq, genetika və s. ixtisaslar üzrə 32 nəfər təhsilini davam etdirdiyini, 4 ixtisas (Genetika, İnsan genetikası, Bitkilərin seleksiyası, Bitkilərin mühafizəsi) üzrə magistrant hazırlığının həyata keçirildiyini bildirib. AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Saziş çərçivəsində doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk müştərək doktorantın Səbinə Fərhadovanın dissertasiya müdafiəsi 2022-ci ildə Monpelye Universitetində uğurla həyata keçirilib. Əməkdaşların müəllifliyi ilə “Web of Science” və “Scopus” bazalarında əməkdaşların 19 məqalə dərc olunub və elmi məqalələrinə 975 istinad edilib. Zeynal Əkpərov genetik ehtiyatların istifadəsi işinə müasir texnologiyaların və metodların tətbiqi məsələlərinə toxunub.
Qarabağ Elmi Tədqiqat Bazasının bərpası və orada aparılan tədqiqatlar da geniş müzakirə mövzusu olub. Çıxış edənlər Bazanın sovetlər dönəmində qabaqcıl mövqe tutduğuna diqqət yetiriblər. Akademik İradə Hüseynova ötən il burada aparılan işlərdən, keçirilmiş tarla seminarından, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin və institutların mütəxəssislərinin bazaya səfərlərindən, AMEA-nın dəstəyindən, gələcək planlardan danışıb. Böyük Zəfərdən sonrakı dövrdə Bazanın 100 hektar ərazisi minalardan təmişlənmiş, burada genefond bağı salınmağa başlamış, prioritet kənd təsərrüfatı bitkilərinin bölgə üçün yaradılmış yeni sortlarının və potensial sort-nümunələrinin əkinləri aparılmış və onlar üzərində tədqiqat işləri həyata keçirilmişdir.
Professor Afət Məmmədova Genetik Ehtiyatlar İnstitutu ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasındakı əməkdaşlığın səviyyəsindən razılığını bildirib, genom redaktəsi üzrə tədqiqatlara başlamağın vacibliyinə diqqət çəkib. Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru, dosent Mehrac Abbasov müvafiq sahədə kadr hazırlığının aparıldığını, qısa müddətdə tədqiqatların başlanılacağını bildirib.
Ümumi yığıncağın gedişində 5 institutun fəaliyyətinə dair təqdimatların hər birindən sonra Bölmə üzvlərinin, qonaqların və digər yığıncaq iştirakçılarının hesabatlara dair çoxsaylı sualları məruzəçilər və institutların müvafiq sahə mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb.
Müzakirələrə yekun vuran akademik İradə Hüseynova qarşıya qoyulan dövlət tapşırıqlarına və mövzu planlarına uyğun olaraq institutlarda elmi işlərin uğurla yerinə yetirildiyini, işğaldan azad edilmiş ərazilərə elmin Böyük Qayıdışında, AMEA-nın elmi-təşkilati işlərində, o cümlədən “Şuşa İli” ilə bağlı keçirilmiş silsilə tədbirlərdə əhəmiyyətli nailiyyətlər qazanıldığını bir daha diqqətə çatdırıb, gələcək fəaliyyətlərdə nəzərə alınmaq üçün bəzi tövsiyə və təkliflərini bildirib.
İnstitutların illik hesabatları Bölmə üzvlərinin ümumi rəyi əsasında qəbul edilib.
İclasın sonunda akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunun şöbə müdirləri biologiya elmləri doktoru, professor Ramiz Əliyevə 85 və biologiya elmləri doktoru, dosent Hamlet Sadıqova 60 illik yubileyləri və uzunmüddətli elmi fəaliyyətləri ilə əlaqədar BTEB-in Fəxri fərmanlarını təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.