2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatı başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası AR Nazirlər Kabinetinin təsdiq etdiyi plan yerlərinə uyğun olaraq, 22 ixtisas, 57 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edib. Əvvəlki illərlə müqayisədə bu il yeni ixtisaslar da əlavə olunub. Artıq AMEA-nın magistratura səviyyəsinə 150 nəfər bakalavr qeydiyyatdan keçərək təsdiqlənib. Bunu AMEA-da magistratura təhsili yarandığı ilk gündən əldə olunan ən yüksək nəticə kimi qeyd etmək olar. Yüksək sayda bakalavrların qəbulu AMEA-da kadr hazırlığı sahəsində mühüm nailiyyətlərdən biridir. AMEA-nın magistraturasına qəbul olunanlar arasında respublika üzrə ən yüksək nəticə göstərən bakalavrlar da var.

Ümumilikdə, AMEA-da 2022/2023-cü tədris ilində 260-a yaxın magistrant təhsil alacaq. Akademiyada magistratura təhsilinin müasir səviyyədə təşkili və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün müasir tələblərə cavab verən tədris mühiti yaradılıb.

Qeyd edək ki, AMEA-da magistratura səviyyəsinin yaradılması elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biridir.