Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin konfrans zalında “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminar institutun direktoru İlham Qaraqurbanlı və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini İlkin Şəfizadənin çıxışı ilə öz işinə başlayıb.

Daha sonra Genetik Ehtiyyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov, Ukrayna MEA İqlimyönümlü Kənd Təsərrüfatı İnstitutunun direktoru Raisa Vojeqova, Mikrobiologiya İnstitutunun laboratoriya müdiri,  Könül Bəxşəliyeva, “Gospodarstvo Moulis” təsərrüfatının rəhbəri Vlado Moulis, “Unanov adına Fermer Təsərrüfatı” rəhbəri, Ukrayna Fındıqçılıq Assosiasiyasının vitse-prezidenti Vasili Babanski, FERERRO şirkətinin eksperti Domeniko Manfredi və “AQRO-NOVATOR” MMC-nin rəhbəri İqor Milçev çıxışlar ediblər.

Seminarın praktiki hissəsi Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsində davam etdirilib.

Mövcud vəziyyət haqqında geniş müzakirə aparılıb. Muzakirələrdə iştirak edən Mikrobiologiya institutunun baş direktoru Pənah Muradov  görüşün təşkilatçıların öz minətdarlığını bildirdi və belə təşəbbüsləri yüksək qiymətləndirib.

Seminar iştirakçıları sahədə fındıq meyvələrində Reveal q+ testi vasitəsilə aflatoksinin müəyyən edilməsi prosesində iştirak ediblər. Daha sonra Vlado Moulis tərəfindən Zaqatala Dayaq Məntəqəsinin ərazisində fındıq kollarının və ağaclarının budaması üzrə praktiki təlim keçirilib.