Qubada Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” mövzusunda ikinci elmi-praktiki seminar keçirilib. İnstitutun direktoru İlham Qaraqurbanlının açılışını etdiyi seminarda yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycanda fındıq genetik ehtiyyatlarının pasportlaşdırılması, qərzəkli meyvə bitkilərinin iqlimin öyrənilməsi əsasında becərilməsi, fındıq bitkisindən aflatoksin maddəsinin təhlükəsi və mübarizə tədbirləri, superintensiv fındıq bağlarının salınması texnologiyasının əsas aspektləri, qərzəkli meyvə bağlarında damlama suvarma sisteminin tətbiqi və bir sıra aktual mövzular ətraflı olaraq müzakirə olunub. Elmi-praktiki seminarda iştirak edən fermer və mütəxəssislərin sualları cavablandırılıb. Daha sonra seminar iştirakçıları Zərdabi Elmi Təcrübə Bazasında salınmış superintensiv tipli fındıq bağına və müasir texnologiyalar əsasında salınmış fındıq tingliyinə baxış keçiriblər.