Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aytən Bayramova Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə məlumat verib. Bildirilib ki, 2021-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisində Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun təsdiqlənib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Əliyeva, GAMŞ-ın katibi Aqil Əhmədli və üzvü Aygün Behbudova çıxış ediblər. Bildirilib ki, Azərbaycan xalqının ən böyük arzusu ərazi bütövlüyünun bərpası idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir.

Digər çıxış edənlər Azərbaycan gəncliyinin şanlı Zəfərin qazanılmasındakı rolunu xüsusi vurğulayıblar.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.