Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

04.02.2017 19:45

 

Dünyada neft mikrobiologiyasına aid ilk tədqiqatlar Azərbaycanda aparılıb

Bakı, 4 fevral, P.İmanova.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun tədqiqat proqramında Strateji Yol Xəritəsində göstərilən torpaq-su mənbələrinin qiymətləndirilməsi, qorunması və sərfəli istifadə olunması məsələlərinin həyata keçirilməsi ilə əlaqədar innovativ araşdırmalar aparılır. İnstitutda perspektivli əhəmiyyətə malik istiqamətlərdən biri də biokonversiya və biotexnologiya ilə bilavasitə əlaqəsi olan mövzular üzrə aparılan tədqiqatlardır. Bu tədqiqatlarda axtarışlar, müqayisəli təcrübələr nəticəsində seçilən fəal mikrob ştamlarının köməyi ilə qiymətli ferment, səthi fəal maddələr alına bilər. Biokonversiyanın tətbiqi sayəsində tonlarla meyvə-tərəvəz, qıcqırma sənayesi, kənd təsərrüfatı istehsal sahələrinin tullantıları təkrar emal edilir, ətraf mühitin, torpaqların, suların çirklənməsinin qarşısı alınır. Həmçinin müvafiq ferment preparatlarının tətbiqi ilə adi küləş, saman və başqa dənli bitkilərin, alaq otlarının qalıqları sərfəli yemə çevrilir və heyvandarlıqda geniş istifadə edilir.

Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun sözlərinə görə, Azərbaycanda torpaq əhalinin maddi rifahının, sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Su mənbələrimiz kimi, torpaqlarımızın da ekoloji sabitliyi, fiziki-kimyəvi xassələri dəyişib. Ona görə də institutda torpaq mikrobiologiyasına aid mühüm işlər görülür və elmi-tətbiqi baxımdan qiymətli nəticələr əldə edilməkdədir. Çirklənmiş torpaqların təmizlənməsində və münbitliyinin artırılmasında səmərəli mikrobioloji texnologiyaların hazırlanmasını buna misal göstərmək olar. Səciyyəvidir ki, neft mikrobiologiyasına aid ilk tədqiqatlar da dünyada sənaye üsulu ilə neftin alınmasının vətəni olan Azərbaycanda aparılıb. Heç təsadüfi deyildir ki, Abşeronda neftlə çirklənən torpaqların mikrobioloji rekultivasiyası, köhnə quyulardan “qalıq” neftin alınması üçün səmərəli metodiki üsullar da bu institutda işlənib və həyata keçirilib. Məhz həmin mikrobioloji texnologiyanın tətbiqi sayəsində yüz min tonlarla neft alınıb.

Faydalı Linklər