Azərbaycan Milli Elmlər Akademiyası hər zaman ölkəmizdə elmi bazanın formalaşması, qorunub saxlanılması və daha da inkişafı işinə sanballı töhfələr verib. Bu önəmli missiyanın icra olunmasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının da (MEK) xüsusi yeri var.

Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərin davamı olaraq, MEK-də aparılan islahatların əsas tərkib hissələrindən biri də Akademik fondların yaradılmasıdır. Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş bir prosesdir. Akademik fondlara AMEA-nın Rəyasət Heyətində, elmi müəssisə və təşkilatlarında çalışan və ya çalışmış, eyni zamanda ölkəmizin digər elmi qurumlarında müxtəlif sahələri təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. kolleksiyalar daxildir. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

Bununla yanaşı, alimlərin cəmiyyətimizdəki əvəzolunmaz roluna, onların elmi yaradıcılığının işıqlandırılmasına, elmi irsinin insanlarımıza çatdırılmasına önəm verən MEK-də Azərbaycan elminə böyük töhfələr vermiş akademiklərimizin fotoşəkillərindən ibarət qalereya yaradılıb. Foto qalereyanın yaradılmasının əsas məqsədi həm yerli, həm də əcnəbi istifadəçilərin Azərbaycanın elm adamlarını yaxından tanımasına şərait yaratmaqdır.

Foto qalereyada AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə yanaşı, akademiklər Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fərəməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə, AMEA-nın təsisçiləri olmuş Sadıq Dadaşov, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Mirzə İbrahimov, Aleksandr Qrossheym, Mirəli Qaşqay, İvan Şirokoqorov, Mustafa Topçubaşov, Mikayıl Useynov, Səməd Vəkilov, İosif Yesman, bundan əlavə, AMEA-nın vitse-prezidentləri, akademik dərəcəsi almış AMEA-nın digər müxbir üzvləri və fəxri üzvlərinin şəkilləri yer alıb. Akademik qadınlarımız arasında Validə Tutayuq (biologiya), Zərifə Əliyeva (tibb), İzzət Orucova (geologiya), Həbibə Qasımova (tibb), Rəfiqə Əliyeva (kimya), Siddiqə Məmmədova (biologiya), Nərgiz Paşayeva (filologiya), Adilə Namazova (tibb), Nailə Vəlixanlı (tarix), İradə Hüseynova (mikrobiologiya) və başqalarının da şəkilləri nümayiş olunur.

Qeyd edək ki, akademiklərin fotoşəkilləri kitabxananın 2-ci mərtəbəsində, Akademiklər zalının qarşısında nümayiş etdirilir.

© www.science.gov.az